Dinimi Öyrənirəm
Vətənimiz bizim ən dəyərli nemətimizdir. İslam böyüklərindən biri demişdir ki: “Azad vətəndə yaşamaq Allahın ən böyük nemətlərindən biridir”. Atababalarımız uzun əsrlərdən bəri vətənimizi qoruyaraq bizə əmanət qoyub getmişlər. Millətimizin ümummilli lideri Heydər Əliyev “dinimiz milli-mənəvi sərvətimizdir” demişdir. Deməli bu əmanəti layiqli şəkildə öyrənmək, qorumaq və gələcək nəsillərə ötürmək qarşımızda ən şərəfli vəzifələrimizdən biri kimi durur. Əlinizdəki bu kitab sizlərə gözəl əxlaq, vətən sevgisi və iman duyğusu aşılamaq məqsədilə hazırlanmışdır.
Sevgi ürəklərdə başlayır, sonra da davranışlarda özünü göstərir. Sevgilərin də ən böyüyü olan Allah sevgisi əvvəlcə qəlbimizdə yer tutur. Sonra isə bizi yaxşı insan olmağa, Allahın əmr və qadağalarını yerinə yetirməyə istiqamətləndirir.
Etdiyimiz ibadətlər və gözəl davranışlar da daxilimizdəki sevgi və imanı artırır.