İslam Əqaidi Və Kəlam Elminə Giris
İslamın, din kimi ortaya çıxışı ilə bərabər onun əhatə etdiyi mövzuları hədsiz tədqiqatların obyekti olmuşdur. Məhz, bu tədqiqatlar İslamın ilk dövrlərindən etibarən həyatın müxtəlif sahələrində baş vermiş dini, elmi, mədəni və s. dəyişiklikləri təfərrüatlı olaraq ortaya çıxarmışdır. Belə ki, İslami elmlərin tədricən ortaya çıxışı ona duyulan ehtiyacın nəticəsi ilə olmuşdur. Bundan on üç əsr əvvəl müsəlmanların başlatdığı müxtəlif fikri cərəyanlar İslami elmlərin təşəkkül tapmasına müəyyən qədər öz təsirini göstərmişdir. Bu ehtiyacı diqqətə alaraq, İslami elmlərin ən lüzumlusu olan Əqaid və Kəlam elminin tarixi təşəkkülü və İslamın iman əsasları mövzusu haqqında məlumat vermək məqsədilə bu əsəri qələmə aldıq. Kitab, giriş və yeddi bölmədən ibarətdir. İlk altı bölmədə İslam dininin inanc əsasları, yeddinci bölmədə isə İslam düşüncəsinin fundamental sahələrindən biri olan Kəlam elmi ilə əlaqəli mövzular öz əksini tapmışdır.